Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Visual Studio-da istifadə etdiyim qısayollar: 1-ci hissə
28 iyul 2024 15:31
571

Visual Studio-da istifadə etdiyim qısayollar: 1-ci hissə

5 ildən artıqdır ki, VSdən aktiv şəkildə istifadə edirəm. VS, yəni Visual Studio, Microsoft tərəfindən yaradılan IDEdır. Veb saytlar, mobil/desktop proqramlar və tətbiqlər yaratmaq üçün istifadə olunur.

Qısayolların adından da bilinir ki, müəyyən bir komandanı klaviatur vasitəsilə icra etmək və prosesi sürətləndirmək üçün istifadə olunurlar. VSdə mövcud olan bütün qısayolları bir gündə öyrənmək, təbii ki, mümkün deyil. Lakin sistematik yanaşsa, ən vacib qısayolları yadda saxlamaq olar. Bu səbəbdən, təsvir edəcəyim qısayolları, qruplaşdırılmış şəkildə təqdim edəcəm.

Qısayolları əlavə və ya redaktə etmək üçün "Tools > Environment > Keyboard" keçid edərək lazımi dəyişikliləri yerində edə bilərsiniz. Həmçinin açılan pəncərədə mövcud olan xanaya müəyyən bir adı qeyd etməklə həmin ada uyğun komandaları tapmaq olar.

Hər təsvirin altında, qeyd olunan qısayolun VS daxilində tanınan komanda adını kod blokunun içində qeyd edəcəm. Məsələn:

Window.Close 


Navigasiya

Ctrl + T

Edit.GoToAll

İstər fayl olsun, istər metod, istərsə də sadə mətn, bu qısayolun sayəsində kodu araşdırarıq istənilən komponenti tapmaq və yerini öyrənmək mümkündür. Xüsusi prefikslər isə (m: , f: , t: və s.), axtarışı daha effektiv edəcək. All-In-One axtarış xüsusiyyəti haqqında ətraflı burada.


Ctrl + Alt + L

View.SolutionExplorer

Düşünün ki, 10-cu mərtəbəyə pilləkənlə yox, liftlə qalxırsınız. Bu qədər faydalı hesab etdiyim qısayol, sizə dərhal solution daxilində olan layihələri və faylları idarə etmək üçün Solution Explorer panelini açacaq.


Ctrl + Shift + F

Edit.FindinFiles

Bu qısayol, fayllar içi axtarış imkanını verir. All-in-one axtarış xüsusiyyətindən isə fərqi ondadır kı, axtarışı daha dərindən aparır və daha mürəkkəb filterlər təqdim edir.


Alt + P, N    (Alt, P, N, N)

Project.ManageNuGetPackages

Default mövcud olmayan bu qısayol, layihə üzrə Nuget paketlərin mürəkkəb idarəedilməsi üçün istifadə oluna bilər.


Ctrl + Tab

Window.NextDocumentWindowNav

"Hello world"dan savayı bütün layihələrdə istifadə olunan bu qısayol, onlarla tablar arası keçid etmək üçün ideal üsuldur. Təkcə VS deyil, tablar məntiqi mövcud olan istənilən proqramda bu qısayoldan yararlana bilərsiniz. Brauzerlər, redaktorlar, oyunlar... təki əlinin altında klaviatura olsun).

Alt + W, L    (Alt, W, L)

Window.CloseAllDocuments

Redaktorda açıq qalan bütün tabları bağlayır. Təəsüf ki, default qısayol deyil, buna görə əl ilə əlavə etmək lazım olacaq.


Ctrl + Q, W    (Ctrl + F4)

Window.CloseDocumentWindow

Default olaraq belə bir qısayol mövcud deyil, lakin siz də mənim kimi FN funksional düymələrin aktiv istifadəçisi deyilsinizsə, bu qısayolu təyin etməyinizi məsləhət görürəm.


Faylların idarəedilməsi

Ctrl + Shift + A

Project.AddNewItem

Yeni fayl/qovluq yaratmaq üçün istifadə olunur. VS 2022-də mövcud olan extension sayəsində "Add new item" pəncərəsi iki variantda, yəni "Compact view" və ya "Templates" şəklində istifadə oluna bilər. 

Sadə və kompakt olmasından savayı bu üsulun əlavə bir üstünlüyü var ki, bu da sizə bir pəncərədə fayl və ya qovluq yaratmaq imkanı verir. Məqsəddən asıllı olaraq, pəncərənin xanasına nə daxil olmasına dair bir neçə faydalı nümunə gətirirəm:

Yeni fayl üçün: NewFile.cs

Yeni qovluq üçün: NewFolder/   (axırına backslash (\) və ya slash (/) qeyd olunmalıdır)

Yeni qovluq və eyni zamanda yeni fayl üçün: ParentFolder/ChildFile.html (hər ikisi yaradılacaq)


F2

View.EditLabel

Fayl və ya qovluğun adını dəyişmək üçün istifadə olunur. Fayl daxili refaktorinq üsullarını çıxmaq şərti ilə, qısayol ilə klass adının dəyişdirilməsi fayl adının dəyişməsinə səbəb olacaq (təbii ki, əgər fayl və klass adları eynidirsə).


Ctrl + Shift + N

File.NewProject

Solution daxili yeni layihə yaratmaq üçün istifadə olunur. Aktiv şəkildə layihələr əlavə edən dostlarımız üçün xüsusən faydalı olacaq.


Alt + Enter

ClassViewContextMenus.ClassViewMultiselectProjectreferencesItems.Properties

Seçilən fayl və ya qovluq haqda məlumatları (xüsusiyyətləri) əks etdirən paneli açmaq üçün istifadə olunur. Adətən desktop və mobile tətbiqlərin gəlişdirməsində istifadə olunan bu komanda, seçilən obyektin xüsusiyyətlərini redaktə etmək üçün istifadə olunur.

Bu arada, seçilən fayl, layihənin özüdürsə, bu halda, tablar bölməsində layihənin sazlamalar pəncərəsi açılacaq.


Hələlik bu qədər. Ola bilsin ki, məqalədə təsvir etdiyim qısayollar artıq sizə tanışdır və onlardan hətta aktiv şəkildə istifadə edirsiniz, bu halda, istərdim ki, sizə tanış olan, amma məqalədə qeyd olunmayan digər qısayollar haqqında şərhlər bölməsində paylaşasınız. Əvvəlcədən təşəkkürlər.

Əlbəttə ki, bu son deyil və ikinci hissə mütləq olacaq. Növbəti məqalədə, kodinq, refaktorinq və sazlamada istifadə etdiyim qısayolları paylaşacam.

Ümid edirəm məzmundan yetərincə faydalana bildiniz. Bu halda, səs verin, müzakirə edin və izləyin!


7
Müəllif
Dəstəkçilər
Avatar
Şərhlər