Visual Studio-da istifadə etdiyim qısayollar: 2-ci hissə
Salamlar! Nəhayət, VS qısayolların ikinci hissəsini sizə təqdim edirəm. Keçən paylaşımda təsvir olunmağa yer tapmayan, amma kod yazarkən və sazlama zamanı vaxtımıza qənaət edə biləcək bəzi qısayolları sizlərlə nəzərdən keçirmək istəyirəm:
Kodinq
Ctrl + R + R
Refactor.Rename
Kodda dəyişən (variable), metod və ya digər elementlərin adını dəyişmək üçün istifadə edirəm. Bütün kod boyunca dəyişikliklər avtomatik şəkildə tətbiq olunur, nəticədə manual səhvlərin qarşısı alınır.
Eyni zamanda, ad dəyişən zaman onun istinad (reference) olduğu digər fayllar da dərhal yenilənir. Xüsusilə böyük layihələrdə hər hansı bir sinif (class) və ya metod adını tək-tək axtarış və dəyişmə prosesindən sizi azad edir.
Shift + Alt + .
Edit.InsertNextMatchingCaret
Mövcud karet simvoluna (caret) uyğun gələn kod parçasını növbəti sətirdə seçməyə imkan verir. Eyni anda bir neçə sətirdə redaktə işləri aparmaq istəyirsinizsə, çox super üsuldur. Məsələn, bir neçə ardıcıl sətirdə eyni ifadənin əvvəlində yaxud ortasında dəyişiklik etmək lazım olanda bu cür "çoxnöqtəli" (multi-caret) redaktə sürətli nəticə verir.
Shift + Alt + ;
Edit.InsertCaretsatAllMatching
Bu da çoxnöqtəli funksionallığıdır, lakin bir az daha irəli gedərək fayldakı bütün “uyğun” mövqelərdə karet yerləşdirir. Bir sözü və ya ifadəni bütün fayl boyu eyni anda dəyişmək imkanı verir.
Ctrl + K + S
Edit.SurroundWith
Kod blokunu müəyyən strukturla əhatə etmək üçün istifadə olunur. Məsələn, try-catch, if-else kimi strukturları əlavə edərkən əl ilə yazmağa ehtiyac qalmır, istədiyiniz kod blokunu (sətirlərini) seçərək qısayol ilə həmin sətirlərin əhatəsinə struktur əlavə edə bilərsiniz.
Ctrl + M + O
Edit.CollapseToDefinitions
Kod strukturunda bütün metod və sinifləri qatlamaq üçün istifadə olunur. Böyük fayllarla işləyərkən metodlar arasında keçidi daha rahat edir və kodu daha kompakt göstərir.
Ctrl + K + E
Edit.ExpandAllOutlining
Kod strukturunda bütün qatlamaları genişləndirmək üçün istifadə olunur. Əsasən layihədə böyük fayllar ilə işləyərkən kodda naviqasiyanı asanlaşdırmaq üçün faydalıdır.
Sazlama (debug)
F5
Debug.StartDebugging
İlkin sazlama prosesini başlatmaq üçün istifadə olunur. Kodda səhvləri yoxlamaq və təhlil etmək üçün mühüm qısayoldur. Həmçinin, proqramın tam iş axınını vizuallaşdırmağa imkan verir.
Ctrl + Shift + F5
Debug.Restart
Sazlama prosesini yenidən başlatmaq üçün istifadə olunur.
Ctrl + Shift + B / Ctrl + Shift + Alt + B
Build.BuildSolution
Layihəni build/rebuild etmək üçün istifadə etdiyim bu qısayol, xüsusilə kodda dəyişikliklər tətbiq edildikdən sonra dərhal build etməyə imkan verir.
P.S. Son vaxtlar Alt + B + R kombosunu daha tez-tez istifadə edirəm.
Alt + B
Debug.ToggleBreakpoint
Kodda kəsilmə nöqtəsi (breakpoint) qoymaq və ya silmək üçün istifadə edirəm. İstər sazlamadan əvvəl istərsə də sonra, müəyyən kod sətirlərini izləmək üçün faydalıdır.
F10
Debug.StepOver
Sazlama zamanı kodu bir sətir (addım-addım) irəlilətmək üçün istifadə olunur. Kod axınını yuxarı abstraksiya səviyyəsində izləmək üçün maksimum faydalıdır.
F11
Debug.StepInto
Metodların və ya funksiyaların daxili məntiqinə doğru (daha aşağı abstraksiyaya) enmək imkanı verir. Addım-addım irəlilətmək kimi bu qısayol da, yazılan kodu daha detallı şəkildə izləmək üçün olduqca faydalıdır.
Ctrl + Alt + P
Debug.AttachtoProcess
Cari/remote əməliyyat sistemi, SSH, Docker və ya hətta MS Azure App services sistemlərin daxilində işləyən bir prosesə qoşulmaq üçün istifadə olunur. Xüsusilə, birdən çox layihənin işlədiyi mühitdə rahatdır kı, sazlama prosesini daha dəqiq təhlil etməyə imkan verir.
Git
Alt, G, N
Layihədə yeni budağı yaratmaq üçün istifadə olunur.
Alt, G, M
Cari layihə üzrə budaqlar arasında keçid etmək və onları idarə etmək imkanı verir. Layihənin müxtəlif versiyaları üzərində işləyərkən vaxta qənaət edir.
Ctrl + Shift + Alt + Enter
Team.Git.CommitAndPush
Kodda edilən dəyişiklikləri yaddaşa yazır (commit edir) və dərhal remote layihəyə yükləyir (push edir). Sürətli gəlişdirmə (commit n push) prosesinə nail olmaq üçün yetərincə faydalı qısayoldur.
Sonda
Qısayollar mövzusunu ikinci hissə ilə tamamlamaq qərarına gəldim. Növbəti paylaşımlarda artıq proqramın arxitektura yönümlü mövzularını, kodun quruluşu və layihələndirmə şablonlarını araşdıracam.
Hər hansı sualınız və ya paylaşmaq istədiyiniz digər qısayol və məsləhət varsa, sizi şərhlər bölməsinə dəvət edirəm.
İstinadlar
- Şəxsi təcrübə;
- İsmayıl Calal oğlu Sadıqov: İnformatika terminlərinin izahlı lüğəti, Bakı 2017